Ölkəmizdə və hətta regionda ilk dəfə olaraq tibb müəssisələri arasında TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə edib. Sertifikat HIMSS-in önəmli qiymətləndirmə modulu hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim olunub. Qeyd edək ki, sözügedən modul stasionar xidmət göstərən səhiyyə müəssisələrində istifadə olunur.
Sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz, səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur.
EMRAM modulu üzrə VI səviyyə akkreditasiya sertifikatının əldə edilməsi layihəsi çərçivəsində Türkiyə və Portuqaliya kimi ölkələrin təcrübələri yaxından öyrənilib.
Qeyd edək ki, Rusiya və Şərqi Avropada HIMSS attestasiyasından keçən cəmi iki klinika mövcuddur.
Sertifikatın əldə olunması ilə bağlı təşkil edilən tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Yeni Klinikanın direktoru Barat Yusubov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı, dövlət və özəl tibb müəssisələrinin rəhbərləri, eləcə də media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov səhiyyə sahəsində rəqəmsallaşma, tibdə innovativ texnologiyaların tətbiqi prosesinin sürətlə genişlənməsi, eləcə də TƏBİB tərəfindən bu istiqamətdə həyata keçirilən layihə və tədbirlər barədə geniş məlumat verib. O bildirib ki, artıq TƏBİB tabeliyindəki xəstəxanalarda pasiyentlərin qeydiyyatı elektron formada aparılır. Yeni Klinikanın HIMSS VI səviyyə sertifikatı almasını böyük nailiyyət adlandıran İcraçı direktor qeyd edib ki, bu sistem xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasına böyük töhfə verəcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev müasir dövrdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də rəqəmsallaşdırılma işlərinin aparılmasının labüdlüyünü, icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə keçid zamanı görülən hazırlıq işləri çərçivəsində tibb müəssisələrinin elektronlaşdırılmasının prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Son 15 ildə tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı çox sayda işlər görülsə də, icbari tibbi sığortanın tətbiqi üçün elektronlaşdırılmanın təkmilləşdirilməsinə zərurət var idi. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində aparılan elektronlaşdırmanın nəticəsi olaraq bu gün bütün müraciətlər vahid platforma üzərindən aparılır. Elektron sistemin qurulması imkan verir ki, biz göstərilən xidmətləri təhlil edib tibb müəssisələrinə ödənişləri vaxtında həyata keçirək. Gördüyümüz işlər artıq öz bəhrəsini verməkdədir. Mən ümid edirəm ki, digər tibb müəssisələri də Yeni Klinikaya təqdim edilən bu sertifikatı almaq üçün müvafiq tədbirlər görəcəklər. Nəticə etibarilə tibb müəssisələrinin elektronlaşdırılması, həm də vətəndaşlara göstərilən tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılmasına xidmət edir”.
Yeni Klinikanın direktoru Barat Yusubov isə çıxışında Yeni Klinikanın fəaliyyətə başladığı ilk gündən bütün əsas proseslərin elektron qaydada aparıldığını qeyd edib. O bildirib ki, HIMSS-in EMRAM modulu üzrə sertifikatın əldə edilməsi üçün işlərə başlamadan öncə Yeni Klinikada detallı analizlər aparılıb və sertifikatın əldə edilməsi ilə bağlı bütün tələblər cari vəziyyətlə qarşılaşdırılıb. Beynəlxalq tibbi yeniliklərin mütəmadi olaraq təqib edildiyi klinikada, həmçinin süni intellektin tətbiq formasının analizi və pasiyentləri əhatə edən rəqəmsal xidmətlərin artırılması istiqamətində bir sıra layihələr həyata keçirilib.
B.Yusubov xidmət keyfiyyətinin, pasiyent məmnuniyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin edilməsi, tibbi personalın təcrübəsinin genişləndirilməsi, iqtisadi səmərəliliyin artırılması üçün sertifikatın müstəsna rolunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı isə səhiyyənin rəqəmsallaşdırılmasının və texnologiyaların tətbiqinin dövlətimizin prioritet istiqamətlərindən biri olduğunu bildirib.
Daha sonra TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov HIMSS sertifikatına dair təqdimatla çıxış edib. Təqdimatda TƏBİB-in nümayəndə heyətinin HIMSS-in təşkil etdiyi bir neçə konfransda iştirak etdiyi, Yeni Klinikanın cari vəziyyətinin sertifikatın tələblərinə uyğun olaraq analiz edilməsi, standartlara uyğunluğunun yoxlanılması istiqamətində 2 il ərzində ardıcıl iş aparıldığı qeyd edilib.
Çatışmayan tələblərin təmin edilməsi zamanı Yeni Klinikada tələblərə uyğun olaraq iş prosesləri “Rəqəmsal Tibbi Həllər MMC” ilə birgə avtomatlaşdırılaraq təkmilləşdirilib və ən yüksək səviyyədə elektronlaşdırma işləri icra edilib.
Tədbirdə Yeni Klinikanın beynəlxalq standartlara cavab verən infrastrukturuna dair videoçarx nümayiş olunub.
Tədbir media nümayəndələrinin sual-cavab sessiyası ilə başa çatıb.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Xəstəxana İdarəetmə Sistemləri Cəmiyyəti – HIMSS 1961-ci ildə təsis edilib. Təşkilatın fəaliyyət istiqamətlərindən biri də Cəmiyyətə məxsus 7 mərhələli yetkinlik modulları üzrə standartları tətbiq etmiş tibb müəssisələrinə beynəlxalq sertifikatların təqdim edilməsidir.
Bu beynəlxalq sertifikatlar informasiya texnologiyaları və idarəetmə sistemlərindən effektiv istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz və səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur.