İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) icbari tibbi sığorta sahəsində ictimai iştirakçılığı gücləndirmək, şəffaflığı təmin etmək, qurumun fəaliyyəti barədə məlumat vermək məqsədilə 05 aprel tarixində “Açıq qapı” günü keçirib.
Media və vətəndaş cəmiyyəti nümayəndələri Agentlik tərəfindən dövlət tibb müəssisələrində monitorinqlərin aparılması qaydası ilə tanış olublar.
Tədbirdə açılış nitqi ilə çıxış edən Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, aparılan monitorinqlər əhalinin maneəsiz şəkildə sığortadan yararlanmasına, xidmət keyfiyyətinin yüksəlməsinə və nəticədə vətəndaş məmnunluğunun artmasına yönəlib: “Məqsədimiz vətəndaşların tibb müəssisələrində icbari tibbi sığortadan istifadə prosesini asanlaşdırmaq, xidmətləri əlçatan etmək və tibbi xidmətlərin vaxtında göstərilməsini təmin etməkdir”.
Qeyd edilib ki, monitorinqlər 2 istiqamət üzrə aparılır: 1. TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində icbari tibbi sığorta işinin təşkili prosesinin qiymətləndirilməsi. 2. Sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi.
Birinci istiqamət üzrə təqdimatla çıxış edən Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov 2023-cü il ərzində ölkə üzrə 101 dövlət tibb müəssisəsində monitorinqlərin aparıldığını bildirib: “Aparılan 613 sayda monitorinq zamanı əsas götürülən meyarlar Xidmətlər Zərfindəki tibbi xidmətlərin təşkili, qəbul və qeydiyyat işinin tənzimlənməsi, kompüterlərin internetə çıxış imkanları maddi-texniki bazanın mövcudluğu və digər məsələləri əhatə edir”.
B.Məmmədovun sözlərinə görə monitorinqin nəticələri təhlil edildikdən sonra aşkarlanmış çatışmazlıqlar TƏBİB-ə təqdim edilir.
İkinci istiqamət üzrə təqdimatla çıxış edən Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin müdiri Nicat Şirinovun sözlərinə görə, Agentliyin başlıca məqsədlərindən biri əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir: “Keyfiyyətli xidmət dedikdə sadəcə əsaslı təmir, müasir texnoloji avadanlıqlar, təchizat nəzərdə tutulmur. Tibbi xidmətin keyfiyyəti dedikdə pasiyentlərin tibb müəssisəsinə edilmiş ilkin müraciətindən, onun elektron qeydiyyatından başlayaraq bütün müayinə və müalicə prosedurlarını özündə birləşdirən və hər mərhələsinə nəzarət tələb edən zəncirvari mexanizm əsas götürülür”.
N.Şirinov monitorinqin meyarlarından da danışıb: “Keyfiyyətin yoxlanılması dedikdə tibb müəssisələrinin icra etdikləri xidmətlərin lisenziyalarına uyğunluğunun dəyərləndirilməsi, sığorta çərçivəsində xidmət göstərən həkimlərin xidmətlərinin şəhadətnaməyə uyğun fəaliyyətinin dəyərləndirilməsi, eyni sığortaolunana müxtəlif tibb müəssisələrində göstərilmiş xidmətlərin nəticələrinin üzləşdirilməsi, icra olunan tibbi xidmətlərin sayları ilə icra edən həkimlərin saylarının müqayisəsi nəzərdə tutulur. Görülən işlərin nəticəsi olaraq böyük ölçüdə arzu olunan xəstə axınının təmin edilməsinə nail olmuşuq”.
“Açıq qapı” günü iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.